Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yaş üstə yaş gəlir..

Ayaz Arabaçı

Yaş üstə yaş gəlir.. Cəhənnəmə ki.. Böyütmə gözündə sıldırımları. Bəsindi,qəlbində sönməsin təki, Eşqin qulac-qulac ildırımları.

Heç nədən,tələsik azma gümanda, Ürəyin sinəndə mükəmməl durur. Düşün ki,həmişə sənin səmanda , Durnatək uçmağa bir cüt əl durur.

Ver daşa,torpağa qəlbini, Doyma... Bu sevgi yorulma kəsin, deməkdir.. Zərif hisslərini ölməyə qoyma.. Yağışlar,küləklər səsin deməkdir.

Qorxma,neyləyəcək qüssə, qəm,kədər, Al, gəzdir dünyanı kürəyində,sən. Ən ülvi, ən təmiz bir bulud qədər, Bütün fəsillərin ürəyindəsən.

Kefin istəyəndə çıxıb dolan,gəz, İçində bir ayrı şəhərin olsun. Dünyanın min cürə ləlinə əvəz, Bir qızın gözləri gövhərin olsun..

Dünyanın cilovu söz əlindədir, Dönməyə təzədən bir vədə saxla.. Vüqarın həmişə at belindədir, Sözünü hər zaman zirvədə saxla..

Yox olsun həyata,qəzəbin,kinin, Tələsmə dönməyə torpağa,daşa. Yapış ətəyindən əzmin,təmkinin, Bir ömür içində yüz ömür yaşa.

Ülvi sevgilərin bədəli candır, Köklə addımını uca niyyətə.. Könlünü məşəltək daima yandır, İnandır özünü əbədiyyətə..

Saytda dərc olunub