Şeir · Azərbaycan
Yağışlara inciyib,küləklərə dalaşıb,
Yağışlara inciyib,küləklərə dalaşıb, İstəyəndə günəşi könlümüzdə bulmadıq. Üstümüzü kəsdirən payızla vidalaşıb, Uçub gedən köçəri quşlara qoşulmadıq..
Ürəyim illərdi ki,yuvasıdı qəmlərin, Sənli xatirələrin biri belə itməyir. Mürəkkəbi qurtarır aldığım qələmlərin, Sənə yazacaqlarım bitməyir ki,bitməyir..
Aramızda yox idi heç bir şey sevgi adda, Sən niyə o sükutu birdən-birə daşladın.. Bir halda ki,xoşbəxtlik heç vaxt olmur həyatda, Onda niyə bu eşqi belə gözəl başladın..
İndi hansı əldəsən,hansı bazarda,incim, Səni lənətə gəlmiş hansı mücrülər sıxır. Bu mənasız dünyada mənim ancaq sevincim, Bakirə vərəqlərin xışıltısından çıxır.
Qotazlanır çiçəklər çöllərin sinəsində, Sənə çiçək yığmağa əllərim həvəslənir. Yağışların öpdüyü yarpaqların səsində, Tək bizə aid olan musiqilər səslənir.
Görüşmürük nədənsə kiçik bir xəritədə, Nə zamandı asılıb sinəmdən bir ağır daş. İşıq ucu görünmür həsrət adlı qitədə, Ayrılığın rəmzidi gözümdə hər damla yaş.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yagislara-inciyib-kuleklere-dalasib/