Şeir · Azərbaycan
Yadımdadı o gün səni görəndə,
Yadımdadı o gün səni görəndə, Bir-birində yazım-qışım oynadı. Yer tapmadım sevincimdən özümə, Dəli kimi gözüm-qaşım oynadı..
Dedim Tanrım,bu nə nurdu üzümə, Nə qismətdi,nə uğurdu üzümə.. Saçlarının yeli vurdu üzümə, Çölüm-düzüm,dağım-daşım oynadı..
Dərdlər bir-bir güzgüləndi,darandı, İndi ən çox ağrıdan yer harandı.. Aramızda iki cəbhə yarandı, Gah barışım,gah savaşım oynadı.
Adam axı necə gedər sülhə,tək.. İlan yoxdu bu dünyada şübhətək.. Səndən sonra bütün gecə sübhədək, Gözlərimdə qanlı yaşım oynadı..
Ürəyimi şam əvəzi yaxırdım.. Hər tərəfdən sənə doğru axırdım.. Mən bu eşqə ölüm kimi baxırdım, Kəndirində qara başım oynadı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yadimdadi-o-gun-seni-gorende/