Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ya sən bu adamın nəyini sevdin..

Ayaz Arabaçı

Ya sən bu adamın nəyini sevdin..

Həm özü qaynana, həm özü baldız, Hər sözü bir tikan, hər sözü bir mız.. Adammı başına qəhətiydi qız, Ya sən bu adamın nəyini sevdin.

Baxışı qar kimi soyuqdu bunun, İçi müqəvvatək oyuqdu bunun, Bülbülü kürt düşmüş toyuqdu bunun, Ya sən bu adamın nəyini sevdin.

Qayıtmaz, əlindən fürsət, uçdumu, Nədi bu, qıy vuran qızılquşdumu, Gözün yar sevəndə yumulmuşdumu, Ya sən bu adamın nəyini sevdin.

Əyyaş həyatımı xoşuna gəldi, Qızıl saatımı xoşuna gəldi, Mersedes atımı xoşuna gəldi, Ya sən bu adamın nəyini sevdin.

Sinəni boş yerə illərə gərdin, Böyüdü fil oldu qarışqa dərdin, Bunun əvəzinə bir it sevərdin, Ya sən bu adamın nəyini sevdin.

Yaşatdı ömrünü əndişələrlə, Qanatdı qəlbini hey, tişələrlə, Böldü yatağını fahişələrlə, Ya sən bu adamın nəyini sevdin.. Ya sən bu adamın nəyini sevdin..

Saytda dərc olunub