Şeir · Azərbaycan
X o c a l ı !
Bu günəcən ölüm-itim çox olub, Bundan ağır hüzün yoxdu, Xocalı! Mənim səndən bir söz tapıb yazmağa Üzüm yoxdu,üzüm yoxdu, Xocalı!
Yığılmısan dərd adında oymağa, İldə bir yol içimizi soymağa, Səhvlərimin qabağına qoymağa Düzüm yoxdu,düzüm yoxdu,Xocalı!
Bir ağızdan əlli cürə fit çıxır, Adam bilib sevdiklərim it çıxır. Torpaq haqda nə yazıram şit çıxır, Duzum yoxdu,duzum yoxdu,Xocalı!
Adım yoxdur, sanım yoxdur örnəyə, Gül toplamam saçlarına hörməyə, Bir dəstə var, bir tayfa var, görməyə Gözüm yoxdu,gözüm yoxdu,Xocalı!
Bulud kəsdi qabağını hey danın, Boş buraxdım damarını meydanın, Atasını yandırmağa şeytanın Közüm yoxdu,közüm yoxdu, Xocalı!
Harda öldü bu millətin yiyəsi, Sual altda inildəyir niyəsi. Mənim daha bu dünyaya deyəsi Sözüm yoxdu,sözüm yoxdu, Xocalı!
Mən bilirəm nə şum-şumdu, nə dən-dən. İyrənirəm daşıdığım bədəndən, Heç kim mənə dərs deməsin Vətəndən, Lüzum yoxdu,lüzum yoxdu,Xocalı!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/x-o-c-a-l-i-56/