Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Vecimə deyildi heç nə qabaqlar,

Ayaz Arabaçı

Vecimə deyildi heç nə qabaqlar, Yoxuydu bu hay-küy, bu qaraçılıq. Nəydi əsas işim, mənim o vaxtlar?- İnstitut, əsgərlik, avaraçılıq.

Bilmirdim nə zaman səhər açılır, Bilmirdim nə zaman gün axşam olur. İndi önümdəki hər şey acılı.. İndi hər zədəyə könlüm ram olur.

Çox rahat çəkirdim mən öz yükümü, Qəpik-quruşaydı kirayə evlər. Ömrümü-günümü indiki kimi, Basıb birnəfəsə yemirdi divlər.

Ayrı tam varıydı alın tərində, Hərdən qonorarım-zadım olurdu. İndi olmasa da it dəftərində, O vaxt çox yerlərdə adım olurdu.

Heç kimi bölmürdüm əyriyə-düzə, Nə arzu yarımçıq nə tale tərsdi.. Bir yol soruşmurdum salıb da üzə, İlahi, bu səndən neçənci dərsdi..

İndi olduğutək yoxuydu pula, Hər addımbaşında sevgi, ehtiram. Lap elə ölməyin qorxusu belə, Narahat etmirdi məni bir qram.

Qəlbimi bir şeynən ancaq, əzirdim. Bir ahu görmüşdüm könül dağında.. Havalı-havalı işıq gəzirdim, Onun saçlarının qaranlığında,

Ömrü dumanları yarıb-keçəcək, Mənzilə çatacaq bir at bilirdim. Ümidlər varıydı,ümidlər, gerçək, Mən onda həyatı həyat bilirdim.

Sərxoş arzuların dalınca cumub, Qaçırdım özüm də məst olanacan. Gözümü bir uzun yuxumu yumub?- Yaşandı bu ömür, nə zaman, haçan?..

Saytda dərc olunub