Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Uşaqlıqda

Ayaz Arabaçı

Uşaqlıqda hərənin İki adı olur, mənim də olub. Mənim hətta üç adım olub. Bir adam üç adam olub. Unutmuşam indi o adları Qırılıb hamısının qanadları. Kimsə çağırır o adlardan birini hərdən.. Ayılıram düşüncələrdən. Çağırır, dönüb baxmıram, Bəlkə heç məni çağırmır. Bilmirəm hansımız saxtayıq bu adlardan, hansımız əsas. Amma nələrisə xatırlayıram az-az. Könlümdə bir istəyim var, durmuşam əmrinə müntəzir.. Nə nöqtə qoya bilirəm, nə də davam elətdirə, içimdə yarımçıq cümlə kimi gəzir. Hər gün bir şeirdən doğuluram Nəsiminin qürubu dolğunluğunda. İçimdə bir qərib hüzn var gün batımı yorğunluğunda.. Fikirlərim yolunu itirmiş uşaq kimidi Elə hey gedir evlərini tapa bilmir.. Cırtdan da yox soruşsun, İşıqgələnəmi, ithürənəmi. Elə gözəl qürbət olub ki, vətən.. Elə gözəl yad gəlir ki. Hamı ögeydi, kiminlə gəldi dalaşıram. Heç vaxt görmədiyim küçələrdə dolaşıram. Hər qapını döyürəm heç kim açmır. Elə gözəl yad olub ki, vətən, Acıların hər yerdən ürəyimə təpilir. Ülgüc tiyəsi kimi kəsir zaman xatirələr ayağımın altına səpilir.. Yeriyirəm, qanadıqca anlayıram geri dönüş yoxdu.. Nə etməli yel dəyirmanları ölüb, döyüş yoxdu. Öz üstümə qışqırıram, özümü danlayıram, söyürəm.. Susuram, eşitmirəm. Özümə qarşı amansızam. Günlər keçmir, heç cür keçmir, zamansızam.. Sən nə bilirsən öz içində darıxmağın nə olduğunu bir insanın özünə qonaq qalmasını və bir gün qapıdan çıxıb geri qayıda bilməməsini…

Saytda dərc olunub