Şeir · Azərbaycan
Ürəyimi girov qoydum sevgiyə,
Ürəyimi girov qoydum sevgiyə, Üzüdönük mələklərnən oynadım. Mən nərdimi göz-görəti zər tutan, İkiüzlü fələklərnən oynadım.
Yol azanda heç olmadı bələdim, Öz canımı öz qanıma bələdim, Adamları nəyi varsa ələdim, Xəlbirlərlərnən,ələklərnən oynadım..
Bəzəsəm də arzuları sədəfə, Ulaşmadım gözlədiyim hədəfə, Düzdə qaldım,düz olmaqdan hər dəfə, Hiylələrnən-kələklərnən oynadım.
Bağladılar gözlərimi pınartək, Bilmədilər qiymətimi dinartək, Yol üstəki bir qocaman çinartək, Yağışlarnan küləklərnən oynadım..
Ürək qoydum ürəyimin gücünə, Yaraların özü nədi,öcü,nə.. Yetişmədim durnaların köçünə, Qopub düşən lələklərnən oynadım...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ureyimi-girov-qoydum-sevgiye/