Şeir · Azərbaycan
Ümid gözləməsin qoy daha bizdən,
Ümid gözləməsin qoy daha bizdən, Qoy bizi çəkməsin sınağa ümid. Bir əyri əl çıxır hər işimizdən, Neynəsin bu qədər günaha,ümid..
Bir bax,baş bildiyin kimə baş əyir, Ölüb gözündəki qorxun,a,şair, Özü bir ümidsiz ömür yaşayır, Bağlama boş yerə padşaha ümid..
Torpaqsan,uzağı bir qarışdasan, Adamlıq adına hər yarışdasan, Gecə də,gündüz də axtarışdasan, Tapmırsan bir damcı sabaha ümid.
Kim gəlib tapşırdı qurda quzunu, Sərgiyə çıxardır yaram duzunu, Geyinsə dar gələr eni-uzunu, Yaraşmaz bu dərdə,bu aha,ümid..
Sən hansı istəkdə,arzuda sağsan, Kimdi qulaq verən çox da ki,haqsan, Ha yana boylansan,hayana baxsan, Bir ucuz ölümdü,bir baha,ümid.
Xeyri yox,illərlə tökülən tərin, Hökmü at oynadır hələ ki,şərin, Allahı yoxdu ha yerdəkilərin, Qalıbdı yenə də,Allaha,ümid..
Bir az və ilaxır,bir az və sair, Qurduğum xəyallar yerində sayır.. Yaxşı ki,heç kimə məğlub olmayır, Yaxşı ki,sarılır silaha ümid...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/umid-gozlemesin-qoy-daha-bizden/