Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Təşəkkürlər-

Ayaz Arabaçı

Təşəkkürlər- uzun sürən bu sərxoşluğa, Dodağıma söykədiyim büllur qədəhsən. İlk görüşdən donub qaldım başqa nə deyim.. Səni belə gözəl yapan Tanrıya əhsən.

Bir söz çaldım gül yarpağı dodaqlarından, Görüşünə uşaq kimi çiçək topladım. Eh nə bilim,bəlkə də heç yeri deyildi, Vəcdə gəlib ordan-burdan bir az gopladım..

Qəfil sənin imkanını hesablamamış, Gəl də dedim,gəlməsəydin darılacaqdım.. Boğmasaydı istəyimi ətrafdakılar, Durub sənə şahmar kimi sarılacaqdım.

Sərxoş idim, gözlərinin kuzələrindən, Nəydi məni,minbir cəhdlə ayıqlamalar.. Elə bil ki,gəncliyimin son şəfəqiydi, Canımdakı qızdırmalı sayıqlamalar..

Güllənirdi ürəyimin yaşıl sahili, Gözəl idi suya dönmək baxışın altda.. Gözlərimiz bir-birində güzgülənirdi, Oturmuşduq xiyabanda yağışın altda..

Saytda dərc olunub