Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Tərpədibsən qəlbimdəki min simi,

Ayaz Arabaçı

Tərpədibsən qəlbimdəki min simi, Dindiribsən sinəmdəki tarı, qız. Hansı rəssam çəkə bilər hissini, Arzuları yarı gəlin, yarı qız..

Sərçə kimi sığınmışam çətrinə, Sən dəyməzsən ürəyimin xətrinə, Qonaq elə saçlarının ətrinə, Əllərimi bircə dəfə barı, qız..

Eybi yoxdu başım qalsın qalda, qoy, Bütün gözəl sevgiləri dalda qoy, Gələn dəfə sancağına bal da qoy, Şirinləşsin bu hekayə, arı qız..

Üç gündən bir, beşgündən bir itmə gəl, Notlarına düşəmmirəm, ritmə gəl, Ürəyimdən başqa yerdə bitmə gəl, Sənsən axı, xarı bülbül- xarı qız.

Nəfəsinlə közəribdi közlərim, Durna kimi qatarlaşıb sözlərim, Görməyəndə qan ağlayır gözlərim, Gözlərimin yarasını sarı, qız.

Qoy olmasın bu sevdanın sonu mat, Dözəmmirəm, gəlib çatıb sonum, at, "Xalqlardayam", votsapıma konum at, Qızıl telli, yaşıl gözlü, sarı qız.

Saytda dərc olunub