Şeir · Azərbaycan
Tanrım bir yol gün doğmadı bacandan,
Tanrım bir yol gün doğmadı bacandan, İllər boyu bezar oldum ha.. candan.. Gözlərimi şu dünyaya açandan, Çomaq idi,qoyun idi,mən idim..
Getməyibdi o illərin kədəri, Bir qaloşdum,bir sümükdüm,bir dəri, Beş yaşından on yeddiyə qədəri, Çomaq idi,qoyun idi,mən idim..
Bir gün sazda,bir gün udda oxudum, Ordan-burdan adda-budda oxudum, Beş il pulnan inistutda oxudum, Çomaq idi,qoyun idi,mən idim..
Müəllimlər yol öyrətdi,bu tür gəl, Xəyalları Aladağa ötür gəl, Gələndə bir qoyun kəsdir,götür gəl, Çomaq idi,qoyun idi,mən idim..
Mən ağladım baxdı Xuda,eləcə.. Ağladıqca boğdu suda,eləcə, Mən olduğum orduda da eləcə, Çomaq idi,qoyun idi,mən idim..
İlan kimi güllələrə atıldım, Hər alçağın bazarında satıldım, Seçkilərdə səs verməyə qatıldım, Çomaq idi,qoyun idi,mən idim..
Gəldi düşmən,gəldi yağı,uduzdum, Göz açmamış solu-sağı uduzdum, Bir qumarda Qarabağı uduzdum, Çomaq idi,qoyun idi,mən idim...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/tanrim-bir-yol-gun-dogmadi-bacandan/