Şeir · Azərbaycan
Sözümdən baharın mehri duyulur,
Sözümdən baharın mehri duyulur, Hələ ki, ürəyi yavan deyiləm. Amma ki, durmuşam üzü qüruba, Sandığın qədər də cavan deyiləm.
Dilimi-ağzımı bağlama belə, Məni ulduz-ulduz dağlama belə, Sinəmə baş qoyub ağlama belə, Dərdin olsam belə dəvan deyiləm.
Qızıl səhərlərə yetişməz izin, Hər addım başında qanayar dizin, Çox adi şeylərə yox mənə izn, Yolları elə də rəvan deyiləm.
Olar ki, arada şeytana uyum, Amma budaq atmaz bu hiss, bu duyum.. Sənintək fidanı necə qoruyum, Mən heç öz başıma tavan deyiləm.
İsti xəyalların göyqurşağındı, Ən gözəl mələklər solun-sağındı, Sənin sahilləri aşan çağındı, Yox ey, yox, mən sənin havan deyiləm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sozumden-baharin-mehri-duyulur/