Şeir · Azərbaycan
Soyuq gəlir,yalınları-lütləri,
Soyuq gəlir,yalınları-lütləri, Papaqlılar,çuxalılar eşitmir. Cansız,hissiz daş eşidir amma ki, Fətir boyda "uxa"lılar eşitmir..
Qalib yoxdu kor fələyin oynunda, Min günah var hər adamın boynunda, Çiçəklərin fəryadını,qoynunda, Çox böcəklər,çox arılar eşitmir.
Ha gözlədik sökülmədi danımız, Yata-yata ağrı tapdı yanımız, Yaşayırıq çıxa-çıxa canımız, Qışqırırıq yuxarılar eşitmir.
Heç açılmır dumanımız-sisimiz, Yaxşı yerdə əyləşibdi pisimiz, Çoxdan tutub gözümüzü hisimiz, Ahımızı buxarılar eşitmir.
Hansı günə toy mağarı qurular, Bu su bir gün çalxalanar,durular.. Vəzifədə oturubdu "quru"lar, Səsimizi suxarılar eşitmir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/soyuq-gelir-yalinlari-lutleri/