Şeir · Azərbaycan
Soxma gözümüzə kəfi qabardıb,
Soxma gözümüzə kəfi qabardıb, Bir az meyvəni yaz, bir az məti yaz.. Gedib küçələrdə mövzu gəzirsən, Yaz də, yaz, bu boyda qiyaməti, yaz..
Çərxin gərdişini dala çevirmə, Boş yerə çamurda mala çevirmə, Qələmin ağzını "yal"a çevirmə, Hər yeri bürüyən üfunəti yaz.
Nə yapsan həp ayıb, həp qəbahətdir, İndi fikrindəki hansı cəhətdir, Yazmağa başına şeymi qəhətdir, Zəhər yaz, ağu yaz, ilan əti yaz..
A, beyni mayonez, kəlləsi motal, Sənin havan üçün deyildir o tar, Atını-itini kənarda otar, Nə nifrəti qullan, nə rəğbəti yaz.
Onsuz da çox enib bayrağı sözün, Məsələn bax elə biri sən özün.. Bu bir haqq işidi, nə görsə gözün, Bəzəksiz düzəksiz tam və qəti yaz.
Köhnə yaralara dəyib, sulatma, Yazıqdı can üstə sözü ulatma, Qələmə bu qədər quyruq bulatma, Yaza bilirsənsə həqiqəti yaz.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/soxma-gozumuze-kefi-qabardib/