Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sönməyibdi gözündəki o od, o işıq,

Ayaz Arabaçı

Sönməyibdi gözündəki o od, o işıq, Sinəndədi acı- şirin neçə xatirəm. Külək səni yaşadığın küçəqarışıq, Bir gün qatıb qabağına mənə gətirər. Çəkər bizi uzaqlardan dənizin səsi, Bir addımda yüz addımı qət eləyərik. Ruhumuza qanad verər göyün nəfəsi, Bu dünyanı sevgimizlə fəth eləyərik. Qayıdarıq unudulmuş o köhnə izə, Unudarıq buxovları, məngənələri, Durub hərdən sarılarıq bir-birimizə, Üstümüzdə-başımızda qum dənələri. Gedib yenə oturarıq o daş səkidə, Arzulara,xəyallara səpələnərik. Qaynar-qaynar çay içərik bir nəlbəkidən.. Dəli-dəli,sərxoş-sərxoş ləpələnərik. Hər qurtumda toxunaram dodaqlarımla, Dodağında şəfəqlənən qövsü-qüzehə. Qəfil birdən sınıq-salxaq barmaqlarımla, Köynəyinin yaxasını açaram mehə.. Küsərsən ki,dayan bir az götür-qoy edək, Gözlərində mülayim bir həvəs oyanar.. Deyərsən ki,dəli olma di yaxşı,gedək.. Ürəyində yatıb qalmış o səs oyanar. Xatirələr günəş kimi doğar yenidən, Ağlayarsan,üşüyərsən,əsər dizlərin. Qəhər məni yavaş-yavaş boğar yenidən, Qaranlıqda yoxa çıxar ayaq izlərin...

Saytda dərc olunub