Şeir · Azərbaycan
Sonam,
Sonam, İndi bu eşqin, adını nədən qoyaq, Biz hansı bir uğurlu adda qarşılaşmışıq.. Hansı möcüzədi ki,o boyda yeri qoyub, Gəlib səmada ən son qatda qarşılaşmışıq..
Bir bax,hər yer işıqdı,könlüm day,təbsiz deyil, İçimdəki ağrının heç biri həbsiz deyil.. Bu qədər eyniliklər əsla səbəbsiz deyil, Nə vaxtsa bir çiçəkdə-otda qarşılaşmışıq.
Üz,bu dərin dəryada,ən dibə bir də baş vur.. Hər biri bizdən yazır,al,KİV-ə bir də baş vur, Sən öz taleyindəki arxivə bir də baş vur, Hökmən hansısa gizli kodda qarşılaşmışıq..
Gözlərinin nuruyla zülməti yardım, olsun.. Yağmurlu bir taledən günəşə vardım,olsun, Ya da bu şerin adı "təcili yardım" olsun.. Yaramın qanı kəsib,yodda qarşılaşmışıq.
Gəl də,birciyim-birim,gəl də,təkcənəm-təkim, Səndən yaxşı kim olar bu uca qəlbə hakim, Suda da qarşılaşa bilərdik amma,lakin, Qədər belə istəyib odda qarşılaşmışıq..
Ürəyimin himini ,göz yaşımla oymaram.. Bu sevgiyə bir dənə qonmağa toz,qoymaram.. Mən bu gözəl nəğmədən ölənəcən doymaram, Nə yaxşı ki,eyni bir notda qarşılaşmışıq..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sonam/