Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sevgi olmayanda heç nəyin olmur,

Ayaz Arabaçı

Sevgi olmayanda heç nəyin olmur, Yəni ki,bir yaran-göynəyin olmur. Sətəlcəm olursan,allah deyəndə, Alovdan-atəşdən köynəyin olmur. Sevgi olmayanda heç nəyin olmur, Ürəyin isinmir dosta-sirdaşa. İçində bir misra şeir doğulmur, Adcə daş kimi baxırsan daşa. Daş lələ çevrilmir,almaza dönmür, Gül-gülə bənzəmir,yaz-yaza dönmür, Gəlintək bəzənib qarşına çıxan, Yasəmən gözündə kol kimi qalır. Alıb qanadına aparmır səni, Yol da cansıxıcı yol kimi qalır. Sevgi olmayanda heç nəyin olmur, Məna kəsb eləmir tapdığın bir iz.. Sevgi olmayanda nədi ki,dəniz.. Bir mazut qoxulu su yığınıdı. Bir qucaq qorxulu su yığınıdı. Sevgi olmayanda ürək nədi ki.. Sümükdən düzəlmiş bağa qınıdı.. Sevgin olmayanda heç nəyin olmur.. Çıxır adamlıqdan sirin-sifətin, Eləcə bir yığın ətə dönürsən. İtir nəğmələnmək qabiliyyətin, Sevgi olmayanda itə dönürsən. Qaralır ciyərin sobadan betər, Ütülmüş bığından his iyi gəlir. Sevgi olmayanda firuzədən tər, Qızıldan göyərmiş mis iyi gəlir.. Sevgiyə can atır həyatda hər kəs, Hər ucuz fikirdə azmağa dəyməz. Sevgini heç bir şey əvəz eləmir, Sevgi olmayanda yazmağa dəyməz.

Saytda dərc olunub