Şeir · Azərbaycan
Səsin nəğmələndi telefonumda,
Səsin nəğmələndi telefonumda, Getdim küçəboyu fit çala-çala. Özümü Eyfelin başında gördüm, Ürəyim sevincdən çıxdı az qala.
Böyütdü dünyanı bir on dəfə də, Adi bir telefon zəngi gözümdə. Niyə görməmişdim indiyə kimi, Bu qədər al-əlvan rəngi gözümdə.
İşıqdan-işığa yol aldı qəlbim, Həm hirsim soyudu,həm kinim itdi. Bir əsər qalmadı ciddiyyətimdən, Zəhmim, əzəmətim, təmkinim itdi.
Güclə saxlamışdım ayaqlarımı, Sənin ünvanına çıxıb getməyə. Telefon sehirli əsa kimiydi, Nə ki, istəyim var hasil etməyə.
Açmışdı taybatay qapılarını, Üzümə məhəbbət məbədi sanki. Mənim əvəzimə uçurdu yollar, Tanrı vəd etmişdi cənnəti sanki.
Düşür doğrudan da, göydən üç alma, Ömür bircə dəfə nağıllaşanda. Bəlkə də deməyin yeri yoxdu heç, Elə pis oldum ki, sağollaşanda.
Aldı könlümdəki şehli bir istək, Məni dərdlərimin ön cəbhəsindən. Rəngi də başqadı, ətri də başqa, Göndər vaxt olduqca mənə səsindən.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sesin-negmelendi-telefonumda/