Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Səma günəşi gözləyirdi,

Ayaz Arabaçı

Səma günəşi gözləyirdi, Mən səni. Təzəcə rənglənmiş skamyalardan Baharın ətri gəlirdi. Solda kolluqların içində Özünə yuva qurmuşdu şəhər əyyaşı. Qırov bağlamışdı saqqalında Göz yaşı. Gecəni pis yatmışdı.. Üz-gözündən tökülən yorğunluqda gəmisi batmışdı. Bir az aralıda Kirli bir qız uşağı salmışdı şirin dilini işə, Gəlib gedənləri ovlayırdı. Polis küçədəki limon satan yaşlı bir qadını qovlayırdı. Səma günəşi gözləyirdi, Mən səni. Yanındakı araq butulkasından çıxmış cinə oxşayırdı şəhər əyyaşı, İlan kimi qıvrılmışdı qaşı. Külək başlamışdı, Silkələyirdi sovetdən qalma cüzamlı damları. Söyüb lənətləyirdi adamları. İlişmişdi reklam şitinə pəncələri.. Silkələyirdi yuxulu pəncərələri. Arada qar dənələri düşürdü kəpənək kimi Çiçək qızların üstünə. Qəlbim gəlişinə müntəzirdi.. Səma günəşi gözləyirdi, Günəş nə gəzirdi!

Saytda dərc olunub