Şeir · Azərbaycan
Qoy bütün şəkillər qapqara çıxsın,
Qoy bütün şəkillər qapqara çıxsın, O aylı-ulduzlu fonu dəyişdim. Yaşıl köynəyimi soyunub atdım, Payıza köklənib donu dəyişdim.
Heç kimi tapmadım geri dönəndə, Hamı susub qaldı kədər dinəndə, Bir dənə pencəyim vardı,dünən də, Apardım çörəyə onu dəyişdim..
Getdim savaşadək,getdim qanadək, Dirəndim,dayandım ən son anadək, Dərdimi Tanrıya anladanadək, Yüz dəfə-min dəfə konu dəyişdim.
Gördüm ocaq sönüb,buxarı keçib, Süfrədə baş yerə suxarı keçib.. Baxdım ki,arsızlıq yuxarı keçib, Səsimi azaldıb tonu dəyişdim.
Çox şükür..Div-ata,div-ana,şükür.. Bu cırıq yastığa,divana şükür, Yenə də hər nədi,İvana şükür, Dostluğa yaramır Conu dəyişdim.
Dərdə saqqızımız saçaq-saçaqdı, Vaxt qoca quldurdu,ömür qaçaqdı, Axırı başqa cür qurtaracaqdı, Özüm bilə-bilə sonu dəyişdim...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qoy-butun-sekiller-qapqara-cixsin/