Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qoşul bu dəstəyə, özünü, sən də,

Ayaz Arabaçı

Qoşul bu dəstəyə, özünü, sən də, Yandır puldan ötrü, yax puldan ötrü. Adam Çinə gedər, Maçinə gedər, Minib raketlərə.. Axx, puldan ötrü. Xəlqin puldan başqa məhbəsi yoxdur, Şeylərin pul qədər qəhbəsi yoxdur, Heç kimin qaldırmaq həvəsi yoxdur, Düşüb ayaq altda hax, puldan ötrü. Düzülüb yoluna min əngəl indi, Onun həsrətinə di döz, gəl, indi, Sanki ağ duvaqlı təzə gəlindi, Adam sino gedir, şax puldan ötrü, Puldu gur salonlar, yağlı çəpiklər, Pul kimi istəsə döyər-təpiklər, Ürək bulandırır qara qəpiklər, Hamı xəyal qurur ağ puldan ötrü. Pul evdi-eşikdi, yurddu-binədi, Orucu- namazı başqa dinədi, Guya abır-həya çox vecinədi, Min oyun çıxardır xalx puldan ötrü. Puladı bu boyda hay-haray, həşir, Tarixə baxanda adam ürpəşir, Napalyon İsgəndər, Harun-ər Rəşid, Hamısı qul olub bax, puldan ötrü. Qarğışdı, nifrindi, qandı, ahdı də, Ayətül-kürsüdü, qulfallahdı də! Allah axtarırsan, pul allahdı də, Əyil puldan ötrü, qalx puldan ötrü..

Saytda dərc olunub