Şeir · Azərbaycan
qollarımın
qollarımın arasını yetim qoy, sual vermə,cavab sorma gedim qoy.. dəli-dəli küləklərə sovrulum, həsrətindən zənci kimi qovrulum.. sorma nədi ürəyimi hürküdən, boğuluram gözündəki bürküdən.. bir ayrılıq hədələdi bu eşqi, bir ayrılıq zədələdi bu eşqi.. sən yüz dəfə başqasından gözəldin, dan yerinin qaşqasından gözəldin. mənim səndə suçum yoxdu gedim qoy, qolum yoxdu-qıçım yoxdu gedim qoy. sənə aid nə yazdımsa cır gedim, mənə aid nəyin varsa qır gedim.. gözlərindən fəvvarələr tökülsün, göy üzündən təyyarələr tökülsün. mən iynəsi səndə qalmış arıyam, qoy gedim... harda olsam yönü sənə sarıyam, qoy gedim.. gedim bir az havalansın otağın. məndən sonra tikə-tikə gəmirsin qaranlıqda bədənini yatağın. bu sevginin sarı simi qurtarsın.. bu sərxoşluq mərasimi qurtarsın...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qollarimin/