Şeir · Azərbaycan
Qışdı, ağbirçək bir qış..
Qışdı, ağbirçək bir qış.. Bir azdan gözünü yumub, ağzını açacaq.. Ağbirçək dediyin qayğımıza qalar, Amma bunun vecinə deyil. Küləkləri düşüb küçələrə, Səmə-səmə, veyil-veyil.. Qışdı, ağbəniz, gözəl bir qış.. Gözəldən gəlir bütün fəlakətlər. Ağ xalatlı tibb bacısına da bənzəyir, Ağatlı oğlana da.. Qışdı- Ömrü gödək olmuş,qış.. Hava bürosunda bahar vədi yox. Addımbaşı inilti,soyuqdəymə, öskürək. Sinəmdə bir günahsız dara çəkilmiş ürək. Qışdı, donub saatlar, buz tutub əqrəbləri. İçməyə yox həvəsim,ovuc-ovuc həbləri. Mən yenə xəstələndim, Ümidvaram yuxunu gecə qarışdırarsan. İndi yox,istəmirəm.. Qışdı, bahar gələndə bizi barışdırarsan.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qisdi-agbircek-bir-qis/