Şeir · Azərbaycan
Qırılıb tökülər şüşələr yerə,
Qırılıb tökülər şüşələr yerə, Sənin baxmadığın pəncərələrdən. Qəfil oyanaram gecəyarısı, Boğular ürəyim sinəmdə birdən. Külək yaxasını cırar şəhərin, Alnımı buz kimi soyuq tər basar. Gözümdə sayrışan işıqlar boyu, Uzanar,uzanar qara bir hasar. Qəfil oyanaram gecəyarısı, Oyanar mənimlə ağaclar evlər. Oyanar yiyəsiz küçə itləri.. Oyanar gecədən qatar fitləri. Qəfil oyanaram gecəyarısı, Sinəmdə bir acı qəhər oyanar.. Mənimlə bir bütöv şəhər oyanar. Gecənin əlləri üzündə qalar, Saat üç olmamış səhər oyanar. Qəfil oyanaram gecəyarısı.. Özümü güllətək sıxaram çölə.. Əynimi geyinib çıxaram çölə. Od vurub yuxulu bir papirosa, Deyinib-deyinib çıxaram çölə. Sonra da gecədən bir səs oyanar, Bir isti,bir şirin nəfəs oyanar.. İçimdə ölməyə həvəs oyanar.. Qatı qaranlığı udub gedərəm. İçimə yüklənən qorxunu yenib, Uzaq bir ulduzu tutub gedərəm. Oyanar evdəki bütün əşyalar, Dalımca tələsik qapıdan çıxar. Bütün fikirlərim,düşüncələrim, Başımda ilantək qabıqdan çıxar. Qəfil oyanaram gecəyarısı, Oyanar gecəyə ölüm fərmanım.. Oyanar cibimdə ürək dərmanım.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qirilib-tokuler-suseler-yere/