Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qəpik-quruş kimidi təsəllilər

Ayaz Arabaçı

Qəpik-quruş kimidi təsəllilər heç nəyə yaramır. Ən isti sözlər belə ürəyimin dağınıq tellərini daramır. Gözlərimdə yağış dilində buludlar çərənləyir. Barmaqlarım ac quş kimi papiros qutularını dənləyir.. Kor taleyin nəyinə lazım, neçə rəng var göy üzündə unudalım hər şeyi, xatırlamağa nə gərək var. Mənim alın yazımı işıqsız evlərin, yolçusuz yolların əcəl təri apardı. Bir qadın sevmişdim əri apardı.. Öz-özümə danışıram otaq boyu, Ağlıma o qədər qorxunc şeylər gəlir ki.. Çox uzun zaman susdun, sən də aramadın məni, Tanrım.. ütüləmədin əzilmiş sinəmi. Amma mən yenə də, sənin üzündən öpürəm.. Və bir də ağrılarıma təbəssümündən öpürəm..

Saytda dərc olunub