Şeir · Azərbaycan
QƏDİR OXUYURDU MƏN AĞLAYIRDIM
Bilmirəm nə idi oxuduğu nə, Notları tüstülü şikəstə idi, Çölümü dağıdan,içimi sökən, Dumanlı-çiskinli bir bəstə idi. Çəmənlər-çiçəklər acı çəkirdi, Bülbüllər sonuncu nəfəsdə idi. Uçurdu havada göyərçin kimi, Gözlərim eləcə o səsdə idi. Qədir oxuyurdu mən ağlayırdım. Qədir ağlayırdı mən oxuyurdum..
Analar özünü döyüb dururdu, Gəlinlər dizini qucaqlamışdı. Səhər yeməyini təzə bitirib, Günəş dan yerini sıcaqlamışdı. Sanki qan gəlirdi ağ ciyərindən, Sünbüllər qan rəngdə saçaqlamışdı. Heyi qalmamışdı nəfəs çəkməyə, Kimsə ürəyindən bıçaqlamışdı. Qədir oxuyurdu mən ağlayırdım.. Qədir ağlayırdı, mən oxuyurdum..
On yaşlı bir uşaq Araz boyunca, Çapırdı dördnala əlində nizə. Bu dərddən,fəryaddan qopurdu bir-bir, Ən uca zirvələr enirdi dizə.. (Qədrini bilmirik heç nəyin Vətən, Allah insaf salsın ürəyimizə). Şuşanın acığı,qəzəbi idi. Qədirin səsində tuturdu bizə. Qədir oxuyurdu,mən ağlayırdım. Qədir ağlayırdı mən oxuyurdum..
Söyüştək çıxırdı bəzi məqamda, Hərdən boğulurdu,batrdı səsi, Yağışı,bulağı,dənizi,çayı, Tutub bir-birinə qatırdı səsi. İçində nə qədər ağrı olsa da, Yenə də qəlbimə yatırdı səsi. Başımı götürüb qaçırdım ancaq, Dalımca hər yerə çatırdı səsi. Qədir oxuyurdu mən ağlayırdım.. Qədir ağlayırdı, mən oxuyurdum..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qedir-oxuyurdu-men-aglayirdim/