Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qarşınızda iki gün var, iki gün,

Ayaz Arabaçı

Qarşınızda iki gün var, iki gün, Mübarəkdi! Üzü yeni iləsiz. Yeni ildən endirimlər olacaq, Adamlığa bir az da çox.. biləsiz..

Qayğısına yağın-ətin, başlayın, Tənəsinə kül - külfətin, başlayın, Çətinliyə mətin-mətin başlayın, Hansı günü yaşadız ki, çiləsiz..

Masalarda qanınıznan oynanır.. İstəsəniz udmaq olar "voyna" nı, Təpikləyib qırmaqdansa aynanı, Bəlkə durub gözünüzü siləsiz..

Xas adamı dost tanıdar, görmüşük, Kimi hansı post tanıdar, görmüşük, O bağı da bostanı da görmüşük, Yastı-yastı güc verməyin dilə siz.

Ölüm-zülüm yığışanda şadlığa, Qoyursunuz özünüzü yadlığa, Bir gün məni aparsanız satlığa, Küsmərəm ki, siz onsuz da eləsiz.))

Baxdım qaldım bu işlərə mat, bir az, Ulu tanrı, yükümüzdən at, bir az, Yorulubdu ötən ildən at, bir az, Bir dəfə də minib gedin filə, siz.

Girib dalda səsinizi qısmayın, Köhnə valda səsinizi qısmayın, Heç bir halda səsinizi qısmayın, Qoyun getsin zildən daha zilə, siz..

Mənim şerim başdan-başa çələngdi, Bəxt onsuz da hamımızda ələngdi, Nə fərqi var, əjdahadı, pələngdi, Çox da elə bənd olmayın ilə, siz.

Yorulmadan hər yanımda yazardım, Həkim olsam dərmanımda yazardım, Padşah olsam fərmanımda yazardım, Əmr edirəm: -Ömür boyu güləsiz..

Saytda dərc olunub