Şeir · Azərbaycan
Qara xəbərlərin ünvanı olub,
Qara xəbərlərin ünvanı olub, Millətin yasına dönüb Qarabağ. Vətənmi, qürbətmi, ayırmaq olmur, Bilmirəm hansına dönüb Qarabağ.
Biz öz sözümüzdə durmuşuq mətin, İçində əriyir, heyrət, heyrətin, Milli düşüncənin, milli qeyrətin, Ana yasasına dönüb Qarabağ.
İndi nə haqdadı fərmanı şahın, Açarı kimdədi bu qədər ahın, Gör neçə illərdi ATƏTüllahın, Qumar masasına dönüb Qarabağ..
Tanrıya ucalan səs ilməlidir, O bilir nə yazıb, nə silməlidir, Bu yara dibindən kəsilməlidir, Səbr kasasına dönüb Qarabağ..
Meyimdə şeytanın şəri-şərbəti, Sıxır boğazımı sual kəlbətin, Kimin ciblərinə axır sərvəti, Kimin kassasına dönüb Qarabağ.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qara-xeberlerin-unvani-olub/