Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qadınlar bataqlıq çiçəkləridi,

Ayaz Arabaçı

Qadınlar bataqlıq çiçəkləridi, Qəlbimiz onların dibçəkləridi.. Qadınlar bataqlıq çiçəkləridi, Həyatın ən şirin gerçəkləridi. Qadınlar bataqlıq çiçəkləridi.. Bəlkə də oxuyub inciyəcəklər. Müəllif çiçəyin fərqinə baxmır, Sevgiyə layiqdi bütün çiçəklər. Bütün rəssamların rəngi, kətanı, Bütün şairlərin dərdi-səridi. Dönüb özünün də valeh olduğu, Uca yaradanın şah əsəridi, Qadınlar bataqlıq çiçəkləridi. Ən zülmət gecədə nurdu, mayaqdı, Yüz dəfə çirkləndir, min dəfə pakdı, Həmişə ucadı, həmişə haqdı. Əzabdı, qayğıdı, alın təridi, Qadınlar bataqlıq çiçəkləridi. Nə var çiçəkləri sevindirməyə, Yığışıb gedərik çiçək dərməyə. Gedərik, gedərik, çıxıb gedərik Bir çiçək naminə hər şey edərik. Hər şey aldadıcı, yalan, vəd kimi, Bataqlıq eşq kimi, məhəbbət kimi, Nə çıxa bilərsən, nə can qurtarar Çiçək mövsümləri haçan qurtarar? Nə ümid edərsən qurtulmaq üçün Nə yaxın sahilə üzüb çatarsan, Elə hey boşuna əl-qol atarsan. Verərsən özünə təsəlli bəzən, Ömür gövhəridi, könül zəridi, Qadınlar bataqlıq çiçəkləridi. Qaçarsan ən gözəl çiçəyə sarı, Sevərsən ən dərin bataqlıqları, Nə sahil görünər, nə ada çıxar, Nə bir kəs çəkdiyin fəryada çıxar. Uçar başın üstə pənbə buludlar, Sızlayar içində kamanlar, udlar. Bir də görərsən ki, bir qız ucundan, Bir çiçək ucundan ömür əridi, Qadınlar bataqlıq çiçəkləridi. Qadınlar dünyanın şah əsəridi.

Saytda dərc olunub