Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qaçırdar dalınca kəpənək kimi,

Ayaz Arabaçı

Qaçırdar dalınca kəpənək kimi, Tovladıb aparar toyuna baxma. Bir də görərsən ki, özündə yoxsan, Qurduğu min cürə, oyuna baxma. Əlini uzatsa ulduza çatar, Sən bunun balaca boyuna baxma, Bu qız bir elə də yerin altdadır...

Gəlib öc almağa,hesab çəkməyə, Kimnəndi-nəynəndi,qəsdini bilir. Yağışlar,küləklər azdıra bilməz, Düşdüyü dumanı-tüstünü bilir. Qoysa da özünü uşaq yerinə, Dünyanın altını-üstünü bilir. Bu qız bir elə də yerin altdadır.

Adam bilə-bilə qəbul eləyir, Verdiyi qadanı-bəlanı hətta. Qalsın bir tərəfə düzü-doğrusu, Bal kimi şirindi yalanı,hətta. Çəkib yuvasından çölə çıxardır, Diliynən ən əfi ilanı hətta, Bu qız bir elə də yerin altdadır.

Buraxmaz yaranı başlı-başına, Ya istiot vurar,ya duz gətirər. Hökmü fələklərin hökmü qədərdi, Şahı ayağına ucuz gətirər. Bu kimi istəsə susuz aparıb, Hətta lap Nildən də susuz gətirər, Bu qız bir elə də yerin altdadır.

Bəlkə də ən acı həqiqətimdir, Bəlkə də ən gözəl şirin yalanım. Özüm istəyirəm hər gəlişiylə, Dağılım,sökülüm,uçum-talanım. Mən bundan nə təhər yaxa qurtarım, Mən bundan nə təhər sığortalanım, Bu qız bir elə də yerin altdadır.

Bu aydan törəyib,günəşdən doğub, Adicə kiminsə qızı deyil ha... Hələ indiyəcən vəsf olunanlar, Bunun ayağının tozu deyil ha. Altını üstünə çevirdim yerin, Görünən bu qızın özü deyil ha, Bu qız bir elə də yerin altdadır.

Saytda dərc olunub