Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Pozulub Tanrıdan gələn naxışlar,

Ayaz Arabaçı

Pozulub Tanrıdan gələn naxışlar, Nifrətə çevrilib qanlı baxışlar, Damır təpəsindən qara yağışlar, Fərli ev də yoxdur, eşik də yoxdur.

Nə söz var, qulaqda sırğalamağa? Başlayın di görək, zırvalamağa.. Yığıb xəyalları yırğalamağa, İçimdə bir isti beşik də yoxdur.

Gəlib bu torpağa düşmüş əsirəm, Məni bilən bilir, kiməm, nə sirəm, Bir həsir, bir də ki, Məmmədnəsirəm, Adıma bir dənə yeşik də yoxdur.

Gah tavan ağnayır, gah pol oynayır, Köhlən meydanında Pit Pull oynayır, Cibimdə siçanlar futbol oynayır, Hakimlik etməyə pişik də yoxdur.

Gördük gülünü də, xəzəlini də, Yaşayıb bir əsrin yüz ilini də, Şuşanı da aldıq, Füzulini də, Məzə partlatmağa Paşik də yoxdur.

Qarışıb şəhərdə acı-şirinə, Sabun çatdırmırıq dərdin kirinə, And olsun "müqəddəs" deşik pirinə, Girməyə bir dənə deşik də yoxdur..

Ya ölkə qürbətdi,ya da biz qərib.. Canım sıxıntılı, könlüm müztərib, Payız bir balaca burun göstərib, Qaz da kəsilibdir, işıq da yoxdur.

Saytda dərc olunub