Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Paltomu geyinib çıxdım şəhərə,

Ayaz Arabaçı

Paltomu geyinib çıxdım şəhərə, Atışdım bir xeyli arvad-uşaqla, Deyinib, deyinib çıxdım şəhərə.. Avtobus doluydu ağzına kimi. Birtəhər özümü soxdum içəri. Bozardı üstümə bir yastıdaban, İri kök,sarışın arvadın əri.. Gördüm ki,ağzından qan iyi gəlir.. Qorxumdan üzümü yana çevirdim, Daldan da bir xala itələyirdi, Kəsib nəfəsimi Ərəbzəngitək.. Qabaqda təcili yardım maşını, Ulayıb gedirdi əcəl zəngitək. Paltomu soyunub qoluma aldım, İsti ciyərimi pörşələyirdi. İndiki azad və xoşbəxt nəsildən, Kimsə ciblərimi eşələyirdi, Birdən ilanvurmuş kimi atıldım, Çırpındım yaralı qağayısayaq.. Verdim sol dizimi sağıma dayaq.. Şükür telefonum yerində idi.. Bayaqkı arvadın bir gözü məndə, Biri də yekəpər ərində idi. Siqar sümürürdü dalda bir dayı, Qaqaşlar semiçka çırtlayırdılar.. Şəhərdə bir alçaq qrip gəzirdi, Xəlayiq fırtafırt- fırtdayırdılar. Onlara baxanda mənə min şükür, Xeyli gümrah idim mən ən azınnan.. Araq iyisindən,tər qoxusundan, Gedirdi-gəlirdi ödüm ağzıma. Beləcə maraqlı hekayələrlə, Qırılıb gedirdi quluncu yolun.. Sürücü hərdənbir trip atırdı, Nooldu,bir az da mehriban olun. Kefim kökəlmişdi pinqivin kimi, Köhnə avtobusda həyat var idi.. Kimə nə deyəydim mən axı,canım, Hamısı sevdiyim adamlar idi..

Saytda dərc olunub