Şeir · Azərbaycan
Oyunbaz əlində şeşi-caharı,
Oyunbaz əlində şeşi-caharı, Zəhərə çevrilib şamı-naharı, Hələ uzaqdadı yazı-baharı, Nə yazım qəlbinin xalına bu gün, Nə yazım, Vətənin halına bu gün..
Rəml ata, fal sala yuxu yozanlar, Getməz ömrümüzdən bu bomboz anlar.. Oxuyub hökmünü "qara ozanlar", Söz girmir hər gönü qalına bu gün, Nə yazım Vətənin halına bu gün..
İnciyəm, küskünəm hər birimizdən, Hətta heyvamızdan, əncirimizdən.. Məmnun görünürük zəncirimizdən, Dönmüşük ürəyi yalına bu gün, Nə yazım vətənin halına bu gün.
Milli dəyərləri qəpikləmişik, Alçağı öymüşük, çəpikləmişik, Salıb dəymişini təpikləmişik, Bəh-bəh eləmişik kalına bu gün, Nə yazım Vətənin halına bu gün.
Yoldu də ağına düşüb gedirik, Hərə bir söz deyir coşub gedirik, Qədim bir karvanı qoşub gedirik, Yoluq bir eşşəyin dalına bu gün. Nə yazım vətənin halına bu gün.
Əcəl kəndiridi "oy"um, oynuma, Min dənə borc düşüb oğul boynuma, Martın sazağında alıb qoynuma, Bürüdüm anamın şalına bu gün, Nə yazım Vətənin halına bu gün.
Bu da bir nağıldı, dağdan-dərədən, Ovdu də..hərrənib keçdi bərədən.. Adam lap iyrənir bu mənzərədən, Milçəklər daraşıb balına bu gün, Nə yazım Vətənin halına bu gün.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/oyunbaz-elinde-sesi-cahari/