Şeir · Azərbaycan
Ovum qanlı olardı, oxum var, kamanım yox,
Ovum qanlı olardı, oxum var, kamanım yox,Heç kimi əfv etmirəm, heç kimə amanım yox,Oturub göz açmağa bir tikə zamanım yox,Dağımnan uğraşıram, dərəmnən əlləşirəm.
Mən də çox istəyərdim iltifat yardan olsun,Arzuların həmişə yolu bahardan osun,Kefin yoxdu deyirsən, kef məndə hardan olsun,Qara, qanlı sularda bərəmnən əlləşirəm.
Özümü bu güzgüdə gərək bir də tanıyam,Biləm nə alanıyam, biləm nə satanıyam,Bəzən elə bilirəm qədim türk sultanıyam,Saray köşələrində hərəmnən əlləşirəm.
İki dəfə yıxıldım, bir sevdanın atından,Göyqurşağı parlayır, ürəyimin çatından,Bir illik kurs keçmişəm, yanğın təlimatından,Bir də yanmasın deyə, Kərəmnən əlləşirəm.
Qılçasına bağlasın hər kəs öz itlərini,Adam gərək qorusun ən son ümidlərini,İşlədib qurtarmışam şəfa limitlərini,Mən bu xəstə ölkədə vərəmnən əlləşirəm.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ovum-qanli-olardi-oxum-var-kamanim-yox/