Şeir · Azərbaycan
Oturub sinəmdə
Oturub sinəmdə dərdin-ələmin, Çıxır boğazımdan can qram-qram.. Tutub yaxasından kağız-qələmin, Mən sənə çoxdandı heç nə yazmıram.. Mən sənə çoxdandı heç nə yazmıram- Bağrımın başının tüstülərindən.. Gözümün yaşının tüstülərindən.. Sanki sevgi dolu qəlbimi kimsə, Bağlayıb atıbdı bir qutu kimi. Özüm öz sinəmdə dəfn olunmuşam, Ölmüş ümidlərin tabutu kimi. Mən sənə çoxdandı heç nə yazmıram, Yazıb əritmirəm könül buzunu.. Bir məktub nədi ki,yaza bilmirəm, Yazardım .. nədi ki.. eni-uzunu.. Köhnə yaraların ot bitib üstə, Bəlkə lüzum yoxdu heç qanatmağa.. Nə bir uşaq tapıb göndərə billəm, Nə səhra poçtu var yazıb atmağa.. O nəğmə dilimdən düşməyəydi heç, O külək dalımca gəlməyəydi kaş.. Mən sənə çoxdandı heç nə yazmıram, Əlimmi daş olub,ürəyimmi daş.?.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/oturub-sinemde/