Şeir · Azərbaycan
Ömründə Bakını görməyib amma,
Ömründə Bakını görməyib amma, Qələndər dinəndə Bonndan danışır. Üç gün uçaskovu podvala salıb, Beş ildi türmədən-zondan danışır..
Əmrlər- hökmlər zabitəsizdi, Dəyərli kişilər abidəsizdi, İndi çox adamlar rabitəsizdi, Əvvəli unudub sondan danışır.
Bu şerin qızıllıq qiyməti yoxdur, Çünki çayxanalıq qeybəti yoxdur, Kimin ki, on qram qeyrəti yoxdur, Böyürə-böyürə tondan danışır..
Yellənir əlində aspirin-upsa, Bir teli Ceyhandı, bir teli Supsa, Consona nə təhər quşu qonubsa, Qaratel xala da Condan danışır..
Dərdimiz Uruset xorasıdı ki, Gözlərim Namanqan qorasıdı ki.. Adamı yandıran orasıdı ki, Lüt çıxıb efirdə dondan danışır.
Baş qoşma şairim əlləm-qəlləmə, Boşla bu mövzunu çox da əlləmə, Heyrətdən çıxıbdı gözüm kəlləmə, Kimdə nə yoxdusa ondan danışır.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/omrunde-bakini-gormeyib-amma/