Şeir · Azərbaycan
ömrü boyu bircə açıq qapı var.
ömrü boyu bircə açıq qapı var. yolumuzu gözləyən. bütün qapılara can atarıq o qapıdan başqa. hər şeyə ölüm var bircə o qapıya yox. qışda da açıqdı,baharda da payızda da açıqdı, yayda da. o qapıdan bir dəfə girən qayıdıb çıxmaz. əli ətəyindən uzun girər o qapıdan hamı. hər kəsi ötürər bəlli bir ünvana. biri qılıncına doğranıb keçər, bir göz yaşına boğulub. biri də dərdlərinin alovundan doğulub keçər o qapıdan biri uşaq yaşda, biri cavan, biri qoca.. buraxılış vərəqəsi istəməzlər, şəxsiyyət vəsiqəsi istəməzlər, o qapıya qədər hörmətlə-izzətlə ötürərlər. əzizləyərlər, çiyinlərinə götürərlər. məhz o qapıda əhatə dairəsi daralar. gözləməkdən gözünün kökü saralar. heç kimə deyə bilməzsən buyur keç gözüm üstə yerin var. kimsə deməz nə hazırlayım nahara. kimsə deməz üzülmə, lap az qalıb bahara.. kimsə ürək dərmanlarını qaydaya salmaz. çünki o qapıdan keçdinmi, ağrıların qalmaz.. yuxun da nizama düşər, təzyiqin də şəkərin də! maşının da, benzinin də,təkərin də.. nə təqaüddən gileylənərsən nə oğuldan, nə qızdan. nə də kimsənin yazmayacağı əl boyda kağızdan..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/omru-boyu-birce-aciq-qapi-var/