Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Odunda yandığım baxışlar sönüb,

Ayaz Arabaçı

Odunda yandığım baxışlar sönüb, Ayrılıb qovuşan yolların sonu. Küləyin əlində xəzələ dönüb, Nazlı qovaqların gəlinlik donu.

Bəd xəbər gətirib qəmin çaparı, Qaçırdıb gözümdən uyğularımı. Payız yağışları yuyub aparıb, Ən gözəl,ən kövrək duyğularımı.

Üç günə,beş günə sağalmır yaram, Sürür uzun sürür,dərdi-dəvası, Əlindən heç cürə qurtarammıram, Gəlir ayrılığın bayquş havası.

Hər biri ox kimi batır gözümə, Ovcuma çəkilən qırıq xətlərin. Ömür yaratmışdım səndən özümə, Hasili sıfırmış orta hədlərin.

Hünər cücərmir ki,qılıncda-qında, Qələbə dözümdə ən üstünündü. İndi aradakı bir addımın da, Uzaqlıq ölçüsü n üstü n-di.

Mənə bu sevgidən yadigar qalan, Açıb boşaltdığın bir neçə vintdir. Aldanıb içinə düşdüyün yalan, Qurtula bildiyin son labirintdir.

Mən dərddə adamı saxlamaz bu yer, Yükümü çəkməyə ta təni yoxdur. Demək istədiyin şeylərə boş ver, Zatən,ayrılığın zatəni yoxdur.

Adicə şam qədər yoxdu adamlar, Kim yanır sonuncu nəfəsə qədər. O andlar,o vədlər,o ehtiramlar, Süründü birtəhər həvəsə qədər.

Tüstüsü görünmür həyatı boyu, Yanan ürəklərin şahidi olmur. Hərə istədiyi qiyməti qoyur, Sevginin bir mütləq vahidi olmur.

Dənizdən nə qalır bir ovuc yosun, Dalğalar çəkilib bizdən qabaq da. Elə bəhanə tap uyarlı olsun, Bu mənbə zəifdi ayrılıq haqda.

Ölərəm-qalaram,sən məni vaz keç, Bəlkə də getməkdə sən daha haqsan. Sadəcə oturub düşündünmü heç, Sən məndən nə təhər sağalacaqsan...

Getdiyin yollara üzümü tutub, Bir az ağlayacam gözüm şişəcək. Məni min ildi ki,Allah unudub, Guya sən unutsan nə dəyişəcək.

Saytda dərc olunub