Şeir · Azərbaycan
Ocağıydı,çırağıydı qabaqlar,
Ocağıydı,çırağıydı qabaqlar, Torpağıydı,vətəniydi adamlar. Niyə belə birdən-birə yad oldu, Anamıydı-atamıydı adamlar.
Nainsaflıq bu son həddə deyildi, Hörmət-izzət yağda,ətdə deyildi, Yüz sifətdə,min sifətdə deyildi, Ya paraydı,ya tamıydı adamlar.
Yumşalmazdı hər deyəndə mum kimi, Sovrulmazdı hər küləyə qum kimi, Kiçilməzdi ovuclarda tum kimi, Ceviziydi, badamıydı, adamlar.
Necə döndü canavara hər quzu, Hardan çıxdı iri əyri buynuzu, Könül adlı süfrəmizin həm duzu, Həm dadıydı,həm tamıydı adamlar.
Adı biznes,soyu biznes deyildi, Yası biznes,toyu biznes deyildi, İndikitək şou-biznes deyildi, Qabaq bir az adamıydı adamlar..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ocagiydi-ciragiydi-qabaqlar/