Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nərgiz ətirli bahar dayanıb astanada,

Ayaz Arabaçı

Nərgiz ətirli bahar dayanıb astanada, Amma mən kədərliyəm.. Nərgiz ətirli bahar dayanıb astanada, barmaqları qapımın dəstəyində.. Mən çölə boylanıram bir udum bahar havası istəyində. Soyuq havaların ürəyi üzülür.. Pəncərəmdən gün işığı süzülür, Amma bu işıq qəlbimin divarlarına düşüb xəstəxana dəhlizlərinin rəngini xatırladır. Sarı-solğun.. Nərgiz ətirli bahar dayanıb astanada, Amma mən kədərliyəm.. Qan qoxuyur dünya. Başımı dik tuta bilmirəm, sevinclə uda bilmirəm Bu bahar havasını, Uda bilmirəm insanlığın utancından. Ən yekə şahlar gözümdə yıxılır taxtından-tacından! Çöldə ağaclar tumurcuq açır, Tumurcuq-tumurcuq balalar ölür, İndi ölümlər bir xəbərdir sadəcə qəzetlərdə, saytlarda, ekranlarda. bir neçə saniyəlik sarsıntıdı uzaq başı.. Sonra da reklam fasiləsi. Mən kədərliyəm... Bahar dayanıb astanada.. Göz yaşlarım düyünlənib gözlərimdə, Arzular can verir dünya adlı xəstəxanada..

Saytda dərc olunub