Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Necəsən?

Ayaz Arabaçı

Necəsən? Bir təhərəm. Əhvalım qarışıqdı, gah gecə, gah səhərəm.. Günün bu saatında tam, bir tuluq zəhərəm. Gözlərimdə hələ də ayrılıq silueti. Pencəyimin cibində Bakı - Tiflis bileti Tıxaca düşdüyümdən Qatara çatmamışam. Çox da dərinə getmə gecəni yatmamışam. Yaz, danışa bilmirəm. Dünəndən səsim batıb. Vaxtı qarışdırmışam,saat yorulub yatıb. İşlərim düz gətirmir, it dişində qalmışam. Sanki axmaq bir ömrün keçmişində qalmışam. Heç bir şey yaxşı olmur, sən ancaq yaxşıya yoz. Başqa nə işim olsun, yazı-pozu, papiros. Ölü xatirələrə can verməklə məşğulam. Üç - dörd ağcaqanada qan verməklə məşğulam. Sorma dəqiq bilmirəm, ya tufanam, ya Nuham, Yaşamaqdan yorulmuş yorğun-arğın bir ruham. Güzgüyə baxammıram, üzüm özgələşibdi. Bəlkə Heç üzüm deyil, gözüm özgələşibdi. Mən səndən ayrılandan Bir az içimdən çıxdım Öldüm, üçümdən çıxdım. Ömür içdən kif verən nəm qoxulu bir qazma. Mənə yazmağa dəymir, Çalış, heç sən də yazma. O gün səhər metroda, Sənə oxşar qız gördüm. Sanki o an ilandım, önümdə yarpız gördüm. Səsin birdən dəyişdi- -bnu sənmi deyirsən?.. Əlbət ki zarafatdı, o qədər də deyilsən. Məni sıxan şey nədir, Bir az pul, bir az həsrət. Arzulamaq istəsən olsun sənə də qismət...

Saytda dərc olunub