Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Necə edək bu işləri bərtəraf,

Ayaz Arabaçı

Necə edək bu işləri bərtəraf, Göz işləməz qaranlıqdı hər tərəf, Ağır gəlir tərəzidə şər tərəf, Kömək olaq, yolda izdə kim qalıb.. Baxın görək cərgəmizdə kim qalıb..

Gəlib, gəlib düşdüyümüz hal, bumu.. Hara dönsək, köpəklərin yal bumu.. Qalınlaşır kinimizin albomu, Sevgimizdə, ərkimizdə kim qalıb, Baxın görək cərgəmizdə kim qalıb.

Qəlbim daha tab gətirmir yazmağa, Məlhəm tapın yaralara basmağa, Könlümüzün salonundan asmağa, Ən sonuncu sərgimizdə kim qalıb.. Baxın görək cərgəmizdə kim qalıb..

Sazaq dolur bu divarın çatından, Ali zatlar xəbərsizdi zatından Yıxılmasın güvəncimiz atından, Zorda gücdə, qolda,dizdə kim qalıb.. Baxın görək cərgəmizdə kim qalıb..

Tıxa-basa salonları saymayın, Yalanları, dolanları saymayın, Südü xarab olanları saymayın, Sədaqəti tər-təmizdə kim qalıb, Baxın görək cərgəmizdə kim qalıb..

Ləyaqətli, nəcabətli soy olsun, Cırtdanlara göstərməyə boy olsun, Eybi yoxdu az da olsa qoy olsun, Beş faizdə, on faizdə kim qalıb, Baxın görək cərgəmizdə kim qalıb.

Özgə durur, qıraq durur qabaqda, Tənə durur, qınaq durur qabaqda, Çox çətin bir sınaq durur qabaqda, Şübhəmizdə, bəlkəmizdə kim qalıb, Baxın görək cərgəmizdə kim qalıb..

Saytda dərc olunub