Şeir · Azərbaycan
Nə üzü zülmətə gedib qurtarır,
Nə üzü zülmətə gedib qurtarır, Nə üzü nuradı, mənim taleyim. Nə bir zəfərədi,qələbəyədi, Nə bir uğuradı mənim taleyim..
Balıqçı toruna üzən balıqdı, Hər dərdlik,hər qəmlik,hər bəlalıqdı, Ağlayan tapılsa Kərbəlalıqdı, Birbaş Aşuradı mənim taleyim.
Hay salıb dizinə döyməyə dəyməz, Kiməsə şər yaxıb söyməyə dəyməz, Yalandan ağ deyib öyməyə dəyməz, Qaradı-quradı mənim taleyim.
Ağır yük altında yatan dizimdi, Bir dönük dilbərdən qəlb krizimdi, Hər şerim xəstəlik epiqrizimdi, Yaradı-yuradı mənim taleyim.
Seçəndə arzunu,həvəsi seçdim, Almağa-verməyə nəfəsi seçdim, Özüm-öz xoşuma qəfəsi seçdim, Dedim ki,buradı mənim taleyim...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ne-uzu-zulmete-gedib-qurtarir/