Şeir · Azərbaycan
Nə qara gözlərə baxan tapılır,
Nə qara gözlərə baxan tapılır, Nə qara qaşların zəmanəsidi. Xonçaya bəzəyib mədh eləyirlər, Dəyərsiz başların zəmanəsidi.
Çoxdu hər sözümə ağzını əyən, Önəmli yer tutur aftafa, ləyən, Gündə bir məzhəbə qulluq eləyən, Ağıldan çaşların zəmanəsidi.
Heyif cümləsinə, axan yaşların, Tüpürdüm üzünə mən o başların, Tülküsifətlərin, danabaşların, Kəlləsi xaşların zəmanəsidi..
Tanrıya ulaşmır dərdlər,ağılar, Xalqa hökm eləyir ruhu yağılar, Keçib boynumuza tumanbağılar, Laklı qaloşların zəmanəsidir..
Bu tarix nə yaman qısa fırlanır, Əlində çəliyi Musa fırlanır, Qibləmiz təzədən rusa fırlanır, Yenə yoldaşların zəmanəsidi.
Elə oturub ki, o mıx o nala, Getmir bir addım da qabağa-dala, Divara qısılıb ağlama bala, Ürəyi daşların zəmanəsidi.
Gorbagor olaydı babam Adəmi... Qanımla doldurdum bu son badəmi, Bağışla oxucum bu ifadəmi, İndi oğraşların zəmanəsidi...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ne-qara-gozlere-baxan-tapilir/