Şeir · Azərbaycan
Naz neməti, cah-cəlalı seçilmir,
Naz neməti, cah-cəlalı seçilmir, Ölkə üzrə toyum-yasım yaxşıdır. Gərək bu cür mövzuları tərpədib, Yarasına bir az basım, yaxşıdır.
Girişmişik kim-kimi çox yorduya, Ağıllı söz bərabərdi orduya, Durum indi hər ağızdan şortuya, Hər əbləhə qulaq asım, yaxşıdır? .
Oğrubaşı hamımızı lox sayır, İctimai tüpürcəyi yox sayır, Hər işimiz yabı kimi axsayır. Durum necə gopa basım, yaxşıdır..
Tanıyıram ya onnandı, ya bundan, Bir çoxunun fərqi yoxdu babundan, İyrənirəm hər markada "sabun" dan Yuyunmuram, kirim, pasım yaxşıdır.
Hey tıxıllar, ölən yoxdu toxundan, Yer kürəsi yana çıxır oxundan, Bu indiki lotuların çoxundan, İbtidai molla Qasım yaxşıdır.
Nə olsun ki, avarayam, veyiləm, Xalq bilir ki, doğru sözə meyiləm, Mən adamam buqələmun deyiləm, Öz sifətim, öz libasım yaxşıdır.
Oxuyaram siz də belə yazsanız, Özünüzü sözünüzdən assanız, Barmağınız çürüməz ki, bassanız, Bircə laykdı mənim "tas" ım, yaxşıdır..
Məcburam ki, eyni sözü çeynəyim, Bu dünyanı pis göstərir eynəyim, Təzəsinə gücüm çatmır, neynəyim. Köhnə hamam, köhnə tasım yaxşıdır.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/naz-nemeti-cah-celali-secilmir/