Şeir · Azərbaycan
Mənim özümədi qəzəbim, hirsim,
Mənim özümədi qəzəbim, hirsim, Mənim özümədi öfkənin çoxu. Heç harda tanınmır adamlıq haqqım, Belimə dolanıb örkənin çoxu.
İçirəm boşalmır qəm dolu badəm, Gorun çatlayaydı, həzrəti Adəm, Burda qan-yaş tökür gözüm dəmadəm, O tayda qalıbdır ölkənin çoxu.
Baxan da deyir ki, arazdı, kürdü, Qabaq, cındırından adam hürkürdü, Dünən qapılarda boyun bükürdü, Bu gün qolumuzu bükənin çoxu,
Ürəyi içində qor olub gedir.. Ömrü sağlığında gor olub gedir, Əlliyə çatmamış kor olub gedir, Gözünü maaşa dikənin çoxu..
Girir gözümüzə mığmığa, cücü, O necə deyirlər, birində üçü, Heç kimə çatmırsa adamın gücü, Allaha yönəlir hikkənin çoxu.
Elə ki, balaca lıqqadan çıxır, Əndamı paltardan, toqqadan çıxır, Efirdə əlli cür hoqqadan çıxır, Nisənin, tükəzin, bikənin çoxu.
Hesabı yoxdu ki, tökülən qanın, Biryolluq anlayın, biryolluq qanın, Dəyişməz heç zaman bu ali qanun, Timsaha bölünür tikənin çoxu.
Hər gün ömrümüzə qara qar yağır, Görən də deyir ki, bəri-bar yağır, Hamının üzündən zəhirmar yağır, Sanki bizə düşüb sirkənin çoxu.
Qafiyə korşalır, heca tutulur, Qurum bağladıqca baca tutulur, Mötəbər sayılır, uca tutulur, İndi anasını si.. nin çoxu...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/menim-ozumedi-qezebim-hirsim/