Şeir · Azərbaycan
Mən özümü hər axşam
Mən özümü hər axşam bir küçədə unudan adamam. Sən nəyi qoyub, nəyi axtarırsan.. Allahın yer üzündə görüləcək işi yox. Zəhləsini tökməklə sadəcə vaxt alırsan! Bu dünyanı yaşadan Ən kiçik ümidlərin ən böyük cəsarətidir. Mən görmüşəm bir sərçənin tank lüləsində yuva qurduğunu. Sülhün ömrü çox azdır ancaq silahların pasını təmizləməyə yetir. Yalan deyirəmsə tarix kitabına bax. Bu dünyada Hamı sevgidən yetimdi, hamı eşqdən yanıqdı. Yanıq Kərəmin ruhuna and olsun. Yanıq iyi gəlir adamlardan. Yanmış məktubların tüstüsü qalxır damlardan. Dənizlər sahilini dəyişəndən balıqlar özgə qapılarında yaşayırlar. Qarışqalar unudulmuş məhəbbət əlifbasının hərflərini yuvalarına daşıyırlar. Harda sülh haqqında mahnılar oxunursa, Orda müharibə xırçıldayır ayaqlar altında. Uşaqlar göy qurşağıdı Tanrı qatında!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/men-ozumu-her-axsam/