Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən ölərəm hamınızın yerinə..

Ayaz Arabaçı

Mən ölərəm hamınızın yerinə..

Ev olaram evinizin yerinə, Dam olaram damınızın yerinə. Çəkinmədən ürəyimi çıxardıb, Yandıraram şamınızın yerinə..

Hər nəfəsdə çevrilib siz olaram, Yağışda gün, dumanda iz olaram, Qurtum-qurtum təsəlliniz olaram, Meyinizin-camınızın yerinə..

Söz düşmüşkən deməliyəm day, keçib.. Bura qədər keçən ömür zay keçib, Nə müddətdi zəhər keçib, zəy keçib, Dadınızın-tamınızın yerinə.

Hər qılıncın öz tiyəsi, öz qını.. Yaman olur qudurmuşun azğını, At ağzıtək ayıranda ağzını, Utanıram xamınızın yerinə.

Şər böyüyüb solu-sağı ucalıb, Fürsət tapıb mənfur yağı ucalıb. Qəlbinizdə bir göz dağı ucalıb.., Arzunuzun-kamınızın yerinə.

Şər odu ki, haq sözünü hey dana, İndi hamı tanrı deyir şeytana.. Günü sabah tək çıxaram meydana, Mən ölərəm hamınızın yerinə..

Saytda dərc olunub