Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən hələ də yozammıram bir yerə,

Ayaz Arabaçı

Mən hələ də yozammıram bir yerə, Kimə tənsən, kimə dəngsən İlahi.. Məni yerdə qara günə qoyublar, Bəs sən göydə hansı rəngsən İlahi..

Bir cərgədə hamı pisdi, bilirdim, Eyni şeydi, altı-üstü, bilirdim, Səni hər vaxt əldən isti bilirdim, Amma, niyə belə ləngsən İlahi..

Oturmuşam işığında şamının, Sərxoşuyam sevda dolu camının, Bəlkə elə xəyalısan hamının, Bəlkə elə çərpələngsən, İlahi..

Bu ürəyim, bu kamanım, bu tarım, Görürsən ki, kəsilibdi tutarım, Altımışı yola verim qurtarım, Gərək deyil, yetmiş, səksən, İlahi

Nə vaxtacan kor taleynən pərtləşək, Dil tapmayaq, inadlaşaq, sərtləşək, Çağır gəlim, iki qardaş dərdləşək, Mən də təkəm, sən də təksən, İlahi.

Qəzəbindən Yeri-Göyü yıxarsan, Hərəsini bir ovcunda sıxarsan, Bircə günə Tanrılqdan çıxarsan, Mən çəkəni sən də çəksən, İlahi..

Saytda dərc olunub